Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

SIĞORTA MƏBLƏĞLƏRİ VƏ AZADOLMA MƏBLƏĞLƏRİ

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;

Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;

Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;

Digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.

SIĞORTA HAQQI

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Beləliklə Daşınmaz əmlakın icbari sığortası haqqı Bakı şəhəri üzrə 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 40 manat və Digər yaşayış məntəqələri üzrə 30 manat təşkil edir.

 HADİSƏ ZAMANI NƏ ETMƏLİ

  1. Hadisə baş verdikdə 1175 qısa nömrəsinə zəng etməklə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına dərhal məlumat verin;
  2. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün;
  3. Zərər dəymiş əmlakı sığorta şirkəti ona baxış keçirənədək hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin);
  4. Zərər dəymiş daşınmaz əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.
Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

- zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlər görüldükdə;

- sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

- digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

  1. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.
  2. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

 

DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASINI NECƏ ƏLDƏ EDİM?

Daşınmaz əmlakın icbari sığortasını əldə etmək üçün 1175 qısa nömrəsinə və ya +994513554141 nömrəsinə zəng vurmaq yaxud ayxan.abbasbeyli@naxcivansigorta.az  adresinə  müraciət  forması göndərmək kifayətdir - bizim mütəxəssislər mütləq Sizinlə əlaqə saxlayacaq və Sizi maraqlandıran bütün sualları cavablandıracaqlar.

Aşağıdakı forma ilə sorğunu göndərin, biz Sizinlə əlaqə saxlayaq.

Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun
Xahiş olunur bütün sahələri doldurun